
Azərbaycanda turizm sektorunun inkişafı fonunda sosial media platformalarında lisenziyasız və qeyri-qanuni fəaliyyət göstərən saxta turizm agentliklərinin sürətlə artması ciddi narahatlıq doğurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində son illər turizm sektorunun inkişafı, infrastrukturun yenilənməsi və Azərbaycanın beynəlxalq turizm məkanında mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Mütəxəssislərin fikrincə, bu tendensiya həm turist məmnuniyyətinə, həm də sektorun dayanıqlı inkişafına müsbət təsir göstərir.
Aparılan müşahidələrə əsasən, son 3 ildə sosial mediada qeyri-rəsmi turizm fəaliyyəti göstərən hesabların sayı təxminən 4 dəfə artıb. Hazırda Instagram və Facebook-da fəaliyyət göstərən belə hesabların sayı rəsmi lisenziyalı agentliklərin sayını bir neçə dəfə üstələyir. 2025-ci il üzrə turist şikayətlərinin təhlili göstərir ki, xidmət keyfiyyəti ilə bağlı müraciətlərin əksəriyyəti məhz qeyri-rəsmi agentliklərlə əməkdaşlıq nəticəsində yaranıb. Əsas şikayətlər təhlükəsizlik standartlarına cavab verməyən nəqliyyat, vaxtında göstərilməyən xidmətlər və proqram öhdəliklərinin pozulması ilə bağlıdır.
Məsələnin digər mühüm tərəfi dövlət büdcəsinə dəyən zərərdir. Vergi öhdəliklərindən kənar fəaliyyət nəticəsində turizm sektorunda hər il milyonlarla manatlıq vergi itkisi formalaşır ki, bu da kölgə iqtisadiyyatının genişlənməsinə zəmin yaradır.
Araşdırmalar göstərir ki, bəzi hallarda bələdçi və sürücülər sosial mediada “agentlik” adı altında qeyri-rəsmi strukturlar yaradaraq hüquqi qeydiyyat və lisenziya olmadan fəaliyyət göstərirlər. Bu isə bazarda ədalətsiz rəqabət mühiti yaradır və rəsmi operatorların mövqeyini zəiflədir.
Beynəlxalq təcrübə göstərir ki, turizm sektorunda qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün müxtəlif tənzimləmə və nəzarət mexanizmləri tətbiq olunur. Türkiyədə turizm sahəsində lisenziyasız fəaliyyətlə mübarizə aparılması məqsədilə hüquqi və institusional nəzarət tədbirləri gücləndirilib, sahə üzrə rəsmi qurumlar və peşəkar birliklər tərəfindən monitorinqlər həyata keçirilir. Gürcüstanda turizm fəaliyyəti göstərən subyektlər üçün qeydiyyat və reyestr mexanizmləri tətbiq olunur, İspaniyada isə turizm və qısa müddətli icarə xidmətləri üzrə rəqəmsal qeydiyyat və nəzarət sistemləri genişləndirilib. Bu yanaşmalar bir sıra ölkələrdə qeyri-qanuni fəaliyyətlərin məhdudlaşdırılmasına və turist hüquqlarının daha effektiv qorunmasına imkan yaradıb.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda da rəqəmsal lisenziyalaşdırma, sosial media platformaları ilə institusional əməkdaşlıq, ictimai maarifləndirmə kampaniyaları və sanksiya mexanizmlərinin gücləndirilməsi zəruridir. Bu addımlar həm turistlərin hüquqlarının qorunmasına, həm də sektorun şəffaf və dayanıqlı inkişafına töhfə verə bilər.
Nəticə etibarilə, turizm sahəsində keyfiyyətli və etibarlı xidmətin təmin olunması ölkənin beynəlxalq imici üçün strateji əhəmiyyət daşıyır. Sosial mediada saxta agentliklərin yaratdığı risklərin vaxtında və sistemli şəkildə aradan qaldırılması Azərbaycanın turizm bazarında rəqabət qabiliyyətini gücləndirəcək və uzunmüddətli inkişafı təmin edəcək.
İbrahim Qəfərov
Turizm eksperti
Skål International üzvü
Avola Travel şirkətinin direktoru